0123344433
I və II Qarabağ müharibəsi şəhidlərinin məzarları eyni gündə ziyarət olunub
29 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Həmin gün Birinci Qarabağ müharibəsinin şəhidi Nizami İsmayılovun və Vətən müharibəsinin qəhrəmanı, mayor Əsgərov Rüfət Mürvət oğlunun İkinci Fəxri Xiyabandakı məzarları ziyarət edilib.
Ziyarət zamanı şəhidlərimizin ruhuna dualar oxunub, məzarları önünə tər gül-çiçək dəstələri düzülüb. Hər iki şəhidimizin ailə üzvləri ilə görüşülüb, onlara başsağlığı və ehtiram ifadə olunub.
Ziyarətdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının, Zəngibasar rayon icmasının rəhbərliyi və fəalları, qadınlar, ağsaqqallar və gənclər şurasının nümayəndələri, şəhid ailələri və yaxınları iştirak ediblər.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Qərbi Azərbaycan İcması Mərkəzi Aparatının şöbə müdiri Faiq Kərimov, Uluxanlı qəsəbə icmasının sədri Mahinur Qasımova, ağsaqqal və ziyalı İdris Məsimov, icmanın fəal nümayəndəsi Firudin Hüseynov, Qarakilsə və Zəngibasar rayon icmalarının fəalı Rahilə Abdullayeva, Zəngibasar rayon icmasının gənclər üzrə məsul şəxsi Kənan Heydərli, eləcə də icma fəalları Elmira Hüseynova, Günay Əliyeva və Roman Rzayev Nizami İsmayılovun keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlıq barədə fikirlərini bildiriblər.
Ziyarət zamanı Vətən müharibəsinin qəhrəmanı mayor Rüfət Əsgərovun da keçdiyi döyüş yolu, göstərdiyi şücaət və Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib. Şəhidin atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət müəllimə və ailə üzvlərinə başsağlığı verilib.
Bu ziyarətin əsas mahiyyəti bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı üçün şəhidlik məqamının zamanı və müharibənin mərhələsi arasında fərq yoxdur. Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Nizami İsmayılov da, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan Rüfət Əsgərov da eyni müqəddəs amal - Vətən uğrunda canından keçmək amalının daşıyıcılarıdır.
Onların həyat və döyüş yolu Azərbaycan şəhidlik salnaməsinin ayrılmaz hissəsidir. Birinci Qarabağ müharibəsi şəhidləri Qarabağ uğrunda mübarizənin ilk ağır sınaqlarında Vətən qarşısında öz borclarını canları ilə ödədilər. İkinci Qarabağ müharibəsinin qəhrəmanları isə həmin müqəddəs mübarizəni davam etdirərək tarixi Zəfərin əldə olunmasında misilsiz qəhrəmanlıq göstərdilər.
Xətai Rayon Bələdiyyəsinin şəhidlərə xüsusi diqqəti şəhidlərimizin xatirəsinin yad edilməsi, onların ailələrinə diqqət və qayğı göstərilməsi məsələsinə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev tərəfindən xüsusi həssaslıqla yanaşılır.
Elşad Vəliyevin rəhbərliyi ilə Xətai Rayon Bələdiyyəsində şəhid ailələrinə diqqət göstərilməsi, şəhidlərimizin xatirəsinin daim yaşadılması və onların qəhrəmanlıq yolunun ictimaiyyətə çatdırılması istiqamətində tədbirlərə xüsusi önəm verilir.
Bu tədbirdə Xətai Rayon Bələdiyyəsinin əməkdaşı, Qərbi Azərbaycan İcmasının fəal üzvü Həsən Əliyev də iştirak edib. Həsən Əliyev şəhidlərimizin məzarlarını ziyarət edərək onların əziz xatirəsinə ehtiramını bildirib və hər iki Qarabağ müharibəsinin şəhidlərinin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən söz açıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbir ehsan süfrəsi ətrafında davam etdirilib. Zəngibasar rayon Zəngilər kənd icmasının sədri Hacı Abbas Hüseynlinin başçılığı ilə iştirakçılar tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.
29 avqust tarixində eyni gündə ziyarət olunan hər iki şəhidimizin məzarı qarşısında göstərilən ehtiram bir daha təsdiq etdi ki, şəhidlərimizin hər biri bizim üçün eyni dərəcədə müqəddəsdir. Onların arasında nə zaman, nə müharibə, nə də nəsil fərqi var. Çünki onları birləşdirən ən böyük dəyər Vətən sevgisi və Azərbaycan torpağı uğrunda canlarını fəda etmələridir.
Birinci Qarabağ müharibəsinin və Vətən müharibəsinin bütün şəhidlərini dərin ehtiramla yad edir, onların əziz ruhlarına Allahdan rəhmət diləyirik.
Şəhidlərimizin xatirəsi əbədidir!