Gözləyin...
Bələdiyyə xəbərləri 09-11-2026 160

Xətai Bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə Zəfər Günü münasibətilə görüş keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Xətai rayonunda şəhid ailələri, müharibə əlilləri və qazilərlə görüş təşkil olunub. Xətai Rayon İcra Hakimiyyəti, və YAP Xətai rayon təşkilatının təşəbbüsü  Xətai Rayon Xətai Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qəhrəmanlarının xatirəsinə ehtiramın, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının təzahürü olub.

Tədbirin təşkilində Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin təşkilati dəstəyi və şəhid ailələrinə, qazilərə xüsusi diqqət və həssas münasibəti mühüm rol oynayıb. Bələdiyyə tərəfindən milli-mənəvi dəyərlərin qorunması, Vətən uğrunda fədakarlıq göstərmiş insanların xatirəsinin yaşadılması və şəhid ailələri ilə qazilərin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilən fəaliyyət bu tədbirdə də öz əksini tapıb.

Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Mixael Zabelin, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, Rayon Polis İdarəsinin rəisi Vaqif Mürsəlov, rayon məhkəməsinin sədri Vahid Sadıqov, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin, dövlətimizin gücünün və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Dövlət başçısının uzaqgörən strategiyası, siyasi iradəsi və diplomatik məharəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulub. Vurğulanıb ki, bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.

Çıxışlarda Qələbənin təməlində Vətənə sonsuz sevgi, qəhrəmanlıq və fədakarlığın dayandığı xüsusi qeyd edilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyi, qazilərimizin göstərdiyi şücaətin gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olduğu bildirilib.

Digər çıxış edənlər 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli birliyin və xalqımızın sarsılmaz iradəsinin təntənəsi kimi xüsusi yer tutduğunu vurğulayıblar. Bu tarixi Qələbənin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğu diqqətə çatdırılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, müasir infrastrukturun yaradılmasından və “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlərdən bəhs olunub.

Tədbirdə şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə və hərbi qulluqçulara dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı xüsusi vurğulanıb. Onların sosial müdafiəsinin gücləndirilməsi və qarşılaşdıqları problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunaraq Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq ifadə edilib.

Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin iştirakı ilə bu cür tədbirlərin təşkilinə xüsusi önəm verilməsi Bələdiyyənin yalnız yerli özünüidarəetmə sahəsində deyil, həm də ictimai-mənəvi dəyərlərin qorunması, şəhid ailələrinə və qazilərə ehtiramın nümayiş etdirilməsi istiqamətində fəal mövqeyini göstərir. Şəhid ailələrinə və qazilərə diqqət və qayğının davamlı xarakter daşıması, onların daim xatırlanması və cəmiyyətin diqqətində saxlanılması Xətai Bələdiyyəsinin fəaliyyətində mühüm istiqamətlərdən biri kimi qiymətləndirilir.

Bu görüş bir daha göstərib ki, Zəfər yalnız döyüş meydanında qazanılmış Qələbə deyil, həm də xalqımızın birliyinin, şəhidlərimizin müqəddəs xatirəsinə sədaqətin və qazilərimizin qəhrəmanlığına verilən yüksək dəyərin təcəssümüdür.


Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər