Gözləyin...
Bələdiyyə xəbərləri 29-07-2026 473

Xətai rayonunda güclü küləyin fəsadları operativ şəkildə aradan qaldırılıb

Xətai rayonu ərazisində müşahidə olunan kəskin hava şəraiti və güclü küləyin təsiri nəticəsində rayonun müxtəlif ərazilərində bir sıra iri gövdəli və quru ağacların aşması, eləcə də budaqların qırılması halları qeydə alınmışdır. Güclü küləyin yaratdığı bu vəziyyət piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə müəyyən çətinliklər yaratmaqla yanaşı, bəzi küçə və məhəllələrdə təhlükəsizlik baxımından operativ tədbirlərin görülməsini zəruri etmişdir.


Yaranmış vəziyyət nəzərə alınaraq, Xətai Rayon Bələdiyyəsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilmiş, bələdiyyənin aidiyyəti əməkdaşları və texniki heyəti hadisə baş verən ərazilərə cəlb edilmişdir. Əraziyə baxış keçirilərək aşmış ağaclar və qırılmış iri budaqlar xüsusi texnikaların köməyi ilə yollardan, səkilərdən, həyətlərdən və ümumi istifadədə olan sahələrdən qısa müddət ərzində təmizlənmişdir.


Həyata keçirilən tədbirlər nəticəsində nəqliyyatın və piyadaların hərəkəti tam bərpa olunmuş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri işlər görülmüşdür. Eyni zamanda, təhlükə yarada biləcək vəziyyətdə olan ağaclar müəyyən edilərək onların budanması və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində müvafiq işlər davam etdirilmişdir.


Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin rəhbərliyi ilə qəbul edilmiş qərarlar əsasında bələdiyyə əməkdaşları gün ərzində rayonun müxtəlif ərazilərində fasiləsiz fəaliyyət göstərərək təbii hadisənin yaratdığı fəsadların minimum müddətdə aradan qaldırılmasına nail olmuşlar.


Bələdiyyə tərəfindən bildirilib ki, əhalinin təhlükəsizliyinin təmin olunması, abadlıq işlərinin davamlı təşkili və fövqəladə hallara operativ reaksiya göstərilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə hava şəraitindən asılı olaraq rayon ərazisində mütəmadi monitorinqlər aparılır, risk yarada biləcək ağaclar və digər təhlükəli obyektlər nəzarətdə saxlanılır.


Xətai Rayon Bələdiyyəsi bundan sonra da rayon sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, abadlıq xidmət tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, yaranan hər bir fövqəladə vəziyyətə operativ və çevik şəkildə müdaxilə edəcəkdir. Bu istiqamətdə həyata keçirilən işlər dövlətin və ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların təhlükəsizliyi, rahatlığı və yaşayış mühitinin yaxşılaşdırılması sahəsində müəyyən etdiyi siyasətə uyğun olaraq davam etdirilir.


Xətai rayon Xətai Bələdiyyəsi



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026