Gözləyin...
Bələdiyyə xəbərləri 09-07-2025 513

Elşad Vəliyev: "Sakinlərin müraciəti əsasında Xətai rayonunda daha bir məhəllədə abadlaşdırma işlərinə start verilib"

"Xətai rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Xətai RİH-in həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək olaraq Xətai bələdiyyəsi daim rayonda irihəcmli layihələrin icrasını öhdəsinə götürür və layiqincə icra edir" - bu fikirləri Beledyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib. 

Sədr bildirib ki, aparılan abadlıq və yenidənqurma işləri nəticəsində təqribən 1500 nəfər sakinin yaşadığı Xudu Məmmədov küçəsi 33 ünvanında bir hektarlıq ərazidə abadlıq, quruculuq işlərinə başlanılıb. Konkret təsdiq edilmiş layihəyə əsasən həyata keçirilən layihənin ilkin beton-döşəmə  işləri həyata keçirilməkdədir.

Görüləcək işlər çərçivəsində beton örtüyü salınacaq, tamet daşlar  düzüləcək və 3500 kvadratmetr sahəyə yaşıl örtük çəkiləcək,  yeni bardürlər qoyulacaq.  Qeyd edim ki, bununla yanaşı bəzi sakinlər tərəfindən zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb. Ərazidə həmçinin  müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılacaq, kiçik tullantılar üçün zibil qutuları qoyulacaq. Bununla yanaşı ərazidə müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılması  da nəzərdə tutulub. Habelə çoxsaylı dekorativ kol və ağac əkiləcək, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün su xətləri çəkiləcək.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün artıq əraziyə  söhbətgah və oturacaqların sifarişi verilib.  

Xətai bələdiyyəsi olaraq sakinlərin müraciəti əsasında həyata keçirilən bu layihənin yaxın müddət ərzində başa çatdırıılmasına çalışacağıq.


















Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.