Gözləyin...
Bələdiyyə xəbərləri 22-09-2026 31

Türkiyə-Azərbaycan Universitetinə Bilik Gününə həsr olunmuş tədbir keçirilib

Türkiyə-Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Türkiyə-Azərbaycan Universitetinin rektoru dos. Nəcibə Nəsibova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, millət vəkilləri, universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlarla yanaşı, Xətai Rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev də iştirak edib.

Əvvəlcə universitetin foyesində hər iki ölkənin böyük liderləri, öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirin açılış nitqini Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev edərək bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkənin strateji əməkdaşlığının nəticəsidir və gələcəkdə ölkə üçün peşəkar və beynəlxalq səviyyəli kadrlar burada hazırlanacaq.

TAU-nun rektoru dos. Nəcibə Nəsibova tədbir iştirakçılarını salamlayıb və 2026/2027-ci tədris ilinin başlanması münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik edib. Rektor bildirib ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılmış universitet Azərbaycan gənclərinə geniş imkanlar açır.

Nəcibə Nəsibova qeyd edib ki, gənclər ölkə xaricinə getmədən öz Vətənimizdə Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər. Onun sözlərinə görə, tələbələrin müasir elmi mühitdə yetişməsi üçün bütün imkanlar yaradılıb və bu, onların yüksəkixtisaslı mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verəcək.

Rektor TAU-nun perspektivlərinə də toxunaraq bildirib ki, universitet gələcəkdə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını daha da dərinləşdirən mühüm bir mərkəzə çevrilə bilər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvəsinin məhz universitetlər olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, gələcəyin formalaşmasında universitetlərin mühüm rolu var və bu baxımdan TAU kimi strateji və beynəlxalq səviyyəli ali təhsil müəssisəsinin yaradılması böyük əhəmiyyət daşıyır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva təbrik çıxışında Türkiyə-Azərbaycan Universitetinin qurulması və fəaliyyətinin xüsusi önəmindən danışıb. O, qida təhlükəsizliyi sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində TAU ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Türkiyə-Azərbaycan Universitetini iki ölkə arasındakı əlaqələrin mühüm nəticələrindən biri kimi qiymətləndirib. O qeyd edib ki, TAU çərçivəsində Türkiyə və Azərbaycanın akademik təcrübəsinin birləşməsi böyük əhəmiyyət daşıyır.

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Əhliman Əmiraslanov çıxışında Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin inkişafı tarixindən, Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb. O, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasında Azərbaycan və Türkiyə dövlət başçılarının diqqət və təşəbbüsünü xüsusi qeyd edib.

Tədbirdə millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da çıxış edərək Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərindən, İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərin təməlində elmin və təhsilin rolundan danışıb. O, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını iki ölkə arasında strateji səviyyəyə yüksəlmiş münasibətlərin təhsil sahəsində mühüm təzahürü kimi dəyərləndirib.

TÜİB sədri Hüseyn Büyükfırat və TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri, professor Ahmet Coşar da çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar.

Tədbirdə iştirak edən Xətai Rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev də yeni tədris ilinin başlanması münasibətilə tələbələrə uğurlar arzulayıb, Türkiyə-Azərbaycan Universitetinin Xətai rayonunda fəaliyyət göstərən mühüm təhsil ocaqlarından biri kimi Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə elm və təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Tədbirin sonunda 2026-cı il qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti iki qardaş ölkənin elm, təhsil, innovasiya və texnologiya sahələrində əməkdaşlığının daha da genişlənməsinə, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinə mühüm imkanlar yaradır.







Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər