Gözləyin...
Bələdiyyədə görülən işlər 04-10-2026 273

Xətai rayonunda “Bələdiyyə fəaliyyəti - problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

22 sentyabr 2026-cı il tarixində Bakı şəhərinin Xətai rayonunda “Bələdiyyə fəaliyyəti - problemlər və perspektivlər” layihəsi çərçivəsində bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi bələdiyyələrin fəaliyyətində mövcud olan problemlərin müzakirə edilməsi, onların həlli yollarının müəyyənləşdirilməsi, yerli özünüidarəetmənin imkanlarının genişləndirilməsi və bələdiyyə nümayəndələrinin praktiki bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirin Xətai rayonunda keçirilməsinə Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev tərəfindən təşkilati və praktiki dəstək göstərilib. Elşad Vəliyevin təşəbbüsü və dəstəyi ilə bələdiyyə üzvləri və qulluqçularının belə maarifləndirici tədbirlərdə iştirakına şərait yaradılması bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə, müasir idarəçilik yanaşmalarının öyrənilməsinə və yerli özünüidarəetmənin inkişafına verilən önəmi nümayiş etdirir.
Tədbirdə Xətai Rayonu Xətai Bələdiyyəsinin 21 üzvü və qulluqçusu iştirak edib.
Tədbiri Xətai Rayonu Xətai Bələdiyyəsi sədrinin köməkçisi Rövşən Məmmədov açaraq iştirakçıları salamlayıb. O, layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verərək bələdiyyələrin fəaliyyətinin inkişafı, qarşıya çıxan məsələlərin müzakirəsi və onların həlli istiqamətində fikir mübadiləsinin aparılması baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Daha sonra sözü layihənin təlimçilərinə təqdim edib.
Təlim zamanı bələdiyyələrin yerli özünüidarəetmə sistemində rolu, əhali ilə münasibətlərin düzgün qurulması, vətəndaşların hüquq və qanuni maraqlarının qorunması, sahibkarlarla əməkdaşlıq və ictimai iştirakçılığın artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təlimçi Əntiqə Qurbanova bələdiyyə fəaliyyəti, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin düzgün qurulması, həmçinin bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunmasında rolu barədə məlumat verib. Mövzular ətrafında iştirakçıların sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Müzakirələr zamanı bələdiyyələrin qarşılaşdığı problemlər, bu problemlərin həlli yolları və yerli əhəmiyyətli məsələlərin daha səmərəli həlli üçün bələdiyyələrin imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Təlimçi Nabat Qəniyeva isə bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib. Bələdiyyələrin qrant layihələrində iştirak imkanları, maliyyə imkanlarının genişləndirilməsi və müxtəlif layihələr vasitəsilə yerli problemlərin həllinə töhfə verməsi məsələləri diqqətə çatdırılıb.
Tədbirin əsas istiqamətlərindən biri də bələdiyyələr tərəfindən layihələrin hazırlanması və layihə təkliflərinin formalaşdırılması məsələsinə həsr olunub. İştirakçılara bələdiyyələrin fəaliyyət göstərdiyi ərazilərdə mövcud sosial, iqtisadi, ekoloji və digər problemlərin müəyyənləşdirilməsi, həmin problemlərin həllinə yönəlmiş real və icraolunan layihə ideyalarının hazırlanması, layihə təkliflərinin əsaslandırılması və müvafiq qurumlara təqdim edilməsi qaydaları barədə praktiki məlumatlar verilib.
Qeyd olunub ki, bələdiyyələrin öz ərazilərində mövcud problemləri müəyyənləşdirməsi ilə yanaşı, həmin problemlərin həlli üçün konkret layihələr hazırlaması və müxtəlif qrant müsabiqələrində, proqramlarda və digər layihə imkanlarında iştirak etməsi yerli özünüidarəetmənin maliyyə və institusional imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə layihənin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, problemin əsaslandırılması, nəzərdə tutulan fəaliyyətlərin və gözlənilən nəticələrin düzgün göstərilməsi, büdcənin hazırlanması və hesabatlılığın təmin edilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda bələdiyyələrin real ehtiyaclara əsaslanan və cəmiyyət üçün faydalı nəticələr yarada biləcək layihə təklifləri hazırlamasının vacibliyi vurğulanıb.
Tədbirin praktiki hissəsində iştirakçılar qruplara bölünərək bələdiyyələrin fəaliyyət göstərdiyi ərazilərdə mövcud olan problemlərdən birini müəyyənləşdirib və həmin problemin həllinə yönəlmiş layihə təklifləri hazırlayıblar. Hazırlanan layihələr qruplar tərəfindən təqdim olunub, onların məqsədləri, həyata keçirilmə mexanizmləri, gözlənilən nəticələri və maliyyə imkanları müzakirə edilib.
Praktiki məşğələlər iştirakçıların layihə ideyasının formalaşdırılması, problemin düzgün müəyyənləşdirilməsi, layihə təklifinin hazırlanması və təqdim edilməsi sahəsində bilik və bacarıqlarının artırılmasına imkan yaradıb.
Müzakirələr zamanı Xətai Rayonu Xətai Bələdiyyəsinin fəaliyyətində qarşıya çıxan məsələlər və bələdiyyə fəaliyyətinin inkişaf perspektivləri ilə bağlı da fikir və təkliflər səsləndirilib. Xüsusilə bələdiyyə mülkiyyətinin hüquqi statusunun rəsmiləşdirilməsi və müvafiq qaydada təsdiq olunması məsələsinin həllinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə həmçinin bələdiyyələrin hesabatlılığının təmin edilməsi, layihələrin düzgün hazırlanması, müsabiqə və tenderlərdə iştirak imkanları, yerli problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi və bələdiyyələrin əhali ilə əlaqələrinin daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbər iştirakçıların qarşılıqlı fikir mübadiləsi və təcrübə paylaşımı şəraitində keçib. Belə maarifləndirici və praktiki tədbirlərin bələdiyyə üzvləri və qulluqçularının peşəkar hazırlığının artırılmasına, yerli özünüidarəetmənin qarşısında duran problemlərin daha sistemli şəkildə müəyyənləşdirilməsinə və onların həlli üçün yeni imkanların formalaşdırılmasına mühüm töhfə verdiyi vurğulanıb.












Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər