0123344433
Xətai rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin təşəbbüsü ilə rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində növbəti genişmiqyaslı abadlıq tədbirləri həyata keçirilir.
Görülən işlər çərçivəsində Gəncə prospekti boyunca, eləcə də Naximov yaşayış ərazisində yeni ağacların əkilməsi, mövcud ağacların diblərinin bellənməsi, qurumuş və artıq budaqların budanması, yaşıllıqların zərərverici həşəratlardan qorunması məqsədilə xüsusi preparatlarla dərmanlanması və yaşıllıq zolaqlarının salınması işləri uğurla davam etdirilir.
Həyata keçirilən bu tədbirlərin əsas məqsədi rayonun ekoloji tarazlığının qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması, şəhər mühitinin daha sağlam və estetik görkəm alması, sakinlərin istirahəti üçün əlverişli şəraitin yaradılması və gələcək nəsillərə daha yaşıl bir mühitin miras qoyulmasıdır.
Xətai Bələdiyyəsi yaşıllığın salınmasını yalnız mövsümi tədbir kimi deyil, davamlı inkişafın və ətraf mühitə məsuliyyətli yanaşmanın mühüm tərkib hissəsi kimi qiymətləndirir. Əkilən hər bir ağac gələcəyə qoyulan dəyərli sərmayə hesab olunur və onların qorunması üçün mütəmadi qulluq işləri həyata keçirilir.
Bələdiyyə əməkdaşları tərəfindən ağacların sağlam inkişafını təmin etmək məqsədilə torpağın yumşaldılması, suvarma, budama və aqrotexniki qulluq işləri mütəmadi şəkildə aparılır. Eyni zamanda, zərərvericilərin qarşısının alınması üçün profilaktik tədbirlər görülərək yaşıllıq sahələrinin uzunömürlü olması təmin edilir.
Xətai rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin yaşıllıqların qorunmasına, abadlıq və ekoloji layihələrin həyata keçirilməsinə göstərdiyi xüsusi diqqət rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərliyi ilə həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirləri rayonun simasının daha da gözəlləşməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına və sakinlərin rahat həyat şəraitinin təmin olunmasına mühüm töhfə verir.
Xətai Bələdiyyəsi sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq yaşıllıqların mühafizəsini, yeni ağacların əkilməsini və mövcud yaşıllıq fondunun zənginləşdirilməsini bundan sonra da davam etdirəcək. Ətraf mühitin qorunması, şəhər estetikasının yüksəldilməsi və sağlam ekoloji mühitin formalaşdırılması istiqamətində həyata keçirilən bu işlər Xətai rayonunun daha abad, daha yaşıl və daha gözəl gələcəyinə xidmət edir.