0123344433
17 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev, Xalq artisti Valeh Kərimov, “Space” televiziyasının baş direktoru Ayaz Mustafayev, Xətai Rayon Bələdiyyəsinin əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Görüşdə Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm xidmətləri olan Afaq Bəşirqızının zəngin yaradıcılıq fəaliyyəti və sənət yolu barədə söhbət aparılıb. Xalq artistinin çoxillik səhnə fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və tamaşaçı sevgisi xüsusi vurğulanıb.
Səmimi şəraitdə keçən görüş zamanı Afaq Bəşirqızı yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, sənət yolu və səhnə fəaliyyəti barədə danışıb, rayon sakinlərinin suallarını cavablandırıb.
Tədbirin musiqili qonaqları Əməkdar artist Amil Həsənoğlu, Şölə Səfərəliyeva və gənc müğənni Rəsul Əfəndiyev olub. İfaçıların təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və görüşə xüsusi rəng qatıb.
Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında tanınmış sənətkarların xidmətləri qeyd olunub, bu cür mədəni tədbirlərin rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyəti vurğulanıb.
Görüş Xətai rayon sakinlərinin böyük marağı ilə qarşılanıb və iştirakçılara xoş təəssüratlar bəxş edib. Tədbirin keçirilməsi rayonun ictimai-mədəni həyatının zənginləşdirilməsi və sakinlərin mədəni tədbirlərə marağının artırılması baxımından əhəmiyyətli olub.